DƏRHAL DAĞLIQ QARABAĞ ERMƏNİLƏRİNİ QORUYUN!

Sentyabrın 19-da Azərbaycan Respublikası hökuməti Dağlıq Qarabağda qondarma “antiterror əməliyyatı”na başladı. Bu eskalasiyadan əvvəl Qarabağda bir neçə Azərbaycan vətəndaşının minaya düşərək həlak olması xəbəri gəldi. Lakin bu faciə, əvvəlcədən planlaşdırıldığı aşkar olan hərbi hücuma haqq qazandıra bilməz. Bu eskalasiya nəticəsində çoxlu sayda mülki vətəndaş da daxil olmaqla yüzlərlə insan həlak olub və yaralanıb. 

Tarix göstərir ki, hər hansı münaqişənin hərbi yol vasitəsiylə “güclə” həllinə cəhd etmək fəlakətli nəticələrə gətirib çıxarır. Münaqişələri yerli əhalini qəsb edərək həll etmək olmaz və bu cür həll edilməməlidir. Qərbi Balkanlar, Yaxın Şərq və digər regionlardakı faciəvi nümunələr göstərdi ki, zorakı toqquşmalar və birtərəfli hərəkətlər sadəcə yaraları dərinləşdirir və ağrıların müddətini artırır. 

Dağlıq Qarabağda münaqişənin davam etdiyi onilliklər ərzində barışıq və birgəyaşayışla bağlı zəmin yaratmaq üçün kifayət qədər iş görülməyib. Siyasi elitalar dinc yanaşı yaşamaq üçün şəraitin yaradılmasına və Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizlik təminatlarına kifayət qədər səy göstərməyib. Təhlükəsizlik təminatlarının hazırlanmaması, bu gün etnik təmizləmə və çoxlu sayda insanın məcburi köçkün olması ilə bağlı narahatlıqları artırır.

Beynəlxalq ictimaiyyət də uzun müddətdir davam edən bu münaqişənin sülh yolu ilə həllinə, mövcud vəziyyətin daha da ağırlaşmasının qarşısının alınmasına, ən əsası, Dağlıq Qarabağda yerli əhalinin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsinə kömək etməkdə qeyri-müvəffəq olub. İnsan həyatının mütləq dəyərinin tanınmasının əxlaqi zərurət olduğunu iddia etmələrinə baxmayaraq, Rusiya, Türkiyə və NATO-nun imperialist gücləri çox vaxt insanların həyatına öz geosiyasi və iqtisadi maraqlarına uyğun olaraq yanaşır.

Hal-hazırda prioritet Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi olmalıdır. Bölgənin ən həssas və müdafiəsiz əhalisinin təcili humanitar yardıma ehtiyacı var. Bölgəni tərk etməyə qərar verən hər kəsə,onların ləyaqətlərini də qoruyan evakuasiya imkanları təmin edilməlidir. Biz hər kəsi, istər Dağlıq Qarabağdan təxliyə olunsun, istərsə də orada qalsın, erməni əhalisinin xilası və dinc həyatını qurması üçün mümkün olan hər şeyi etməyə çağırırıq.

Biz Azərbaycan hakimiyyətindən zorakılığı və blokadanı dərhal dayandırmağı, məcburi köçkünlərin Ermənistana və ya öz evlərinə təhlükəsiz keçidini təmin etməyi, Qarabağ ermənilərinin həyat və ləyaqətinin qorunması üçün şərait yaratmağı tələb edirik.

Bir daha bildiririk ki, müharibə, silahlı hərəkətlər və qarşılıqlı təhdidlər sülhə nail olmaq üçün üsul ola bilməz. Bunlar təkcə kədər gətirir və düşmənçiliyi artırır. Heç bir hərbi əməliyyat bərpa edilməməli, bütün səylər dinc birgəyaşayış üçün şəraitin yaradılmasına yönəldilməlidir.

 

Postsovet Sülh Təşəbbüsü, postsovet məkanından və ona qonşu bölgələrdən sülh tərəfdarı olan, ərazilərimizdə bitməyən milliyətçi müharibələrdən və artan imperialist rəqabətdən təngə gəlmiş bir qrup insandır.